Prezident İlham Əliyev Bakıda səfərdə olan Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısı Azərbaycanın ABŞ və İsrail ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib.
Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında siyasi sahədə əməkdaşlıqdan söhbət açaraq bildirib ki, ölkəmiz antiterror koalisiyasının fəal üzvü kimi İraq və Əfqanıstanda sülhməramlı missiyasını uğurla həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü xatırladıb. Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin başçısı Ron Barness Azərbaycanda tolerantlığın mövcud olduğunu, burada yaşayan bütün millətlərə, o cümlədən yəhudi icmasının nümayəndələrinə yüksək diqqət göstərildiyini deyib.
Ron Barness Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyəti adından üzərində Vaşinqtondakı Kapitoli - Konqresin binası təsvir olunan xüsusi hədiyyəni Prezident İlham Əliyevə təqdim edib. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyəti üzvlərini maraqlandıran sualları cavablandırıb.