Oxucu sual verir: Qadın xəstələnəndə kişi USM (UZİ) həkiminə gedə bilərmi?
Yaxşı olar ki, qadın xəstələnəndə qadın həkimə müraciət etsin. Amma əgər qadın həkim yoxdursa, yaxud qadın həkim tapmaq həddən artıq çətindirsə, həmçinin, qadın həkim kişi həkimlərdən xeyli zəif və bacarıqsızdırsa, bu halda kişi həkimim yanına getmək icazəlidir. Amma bu zaman da naməhrəmlik şərtləri qorunmalıdır. Yəni xəstə qadın örtməli olan bədən üzvlərini kişi həkimə göstərməməli və bədəninə onun toxunmasına imkan verməməlidir. USM müayinəsinə gəlincə, bunu bəzən iki həkim yerinə yetirir. Həkimlərdən biri bilavasitə xəstə ilə təmasda olur, aparatın həssas hissəsini bədənin üzərində gəzdirir. O biri həkim isə aparatın ekranına baxıb vəziyyəti dəyərləndirir və diaqnoz qoyur. Ekranın qabağında oturan həkimin kişi olmasının maneçiliyi yoxdur. Xəstə qadın ilə təmasda olan həkim isə qadın olmalıdır.