Oxucu sual verir: Məzhəblər necə və nə zaman yaranıb?
Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar o həzrətin səhabələrinin söylədiyi rəvayətlərə əməl edir, səhabələrin Peyğəmbərdən eşidib-gördüklərini onlardan öyrənirdilər. Səhabələrdən sonrakı nəsil (tabiin) zamanında dini biliklər barədə fikir ayrılıqları çoxaldı, daha sonra bu fərqliliklər daha da artdı. Peyğəmbərdən təqribən 120-150 il sonra bir neçə məşhur alim artıq dini sahədə yol (ərəbcə “məzhəb”) sahibi kimi tanınırdı. Onlar öz zəkalarına arxalanaraq, dini bilikləri müəyyən qanunauyğunluqlar əsasında sistemləşdirmişdilər. Süfyan Savri, Övzai, İbn Əbi Leyli, Mücahid, Şəbi və sairə alimlərin ardıcılları vardı. Hicri II əsrin ortalarına doğru Əbu Hənifə, Malik ibn Ənəs, Şafii və Əhməd ibn Hənbəl öz məzhəblərinin əsas prinsiplərini işləyib hazırladılar. Bu arada altıncı imam Cəfər Sadiq (ə) də özündən əvvəlki imamlardan aldığı biliklər nəticəsində cəfəri məzhəbini sistemləşdirdi. Məzhəblərin hər biri Peyğəmbərin (s) yolu ilə dəqiq getdiyini iddia edirdi. Zaman keçdikcə məzhəblərin bəziləri unudulub aradan getdi, bəziləri isə gücləndi və ardıcıllarının sayını artırdı. Hakim qüvvələrin rəğbəti və dəstəyi də bəzi məzhəblərin rəvac tapmasına səbəb olurdu.