Oxucu sual verir: Bəzi bölgələrdə aşura günü ya bütün gün ərzində, ya da günortaya kimi dükanlar bağlanır və ticarət dayandırılır. Bunun səbəbi nədir?
Həqiqətən, bəzi dindar bölgələrdə bu ənənə mövcuddur. Aşura günü ticarətlə məşğul olmamaq dinimizin vacib əmri deyil və həmin gün zəruri alver etmək günah sayılmaz. Lakin bəzi hədis və rəvayətlərdə aşura günü dünya işləri ilə məşğul olmamaq, alver etməmək, evə təzə əşya almamaq, evi bəzəməmək tövsiyə edilib. Bunun iki səbəbi vardır. Birinci səbəb budur ki, insanlar həmin günün mahiyyətini unutmasınlar, dini mərasimlərə qatılsınlar, aşura fəlsəfəsini yaşatsınlar. İkinci səbəb budur ki, alver zamanı insan sevinir, həm satan, həm də alan məmnunluq, rahatlıq duyur, ürəkdə sevinc hissi yaranır. Bu isə aşura gününün matəm ab-havasına ziddir.