Oxucu sual verir: İnsan yetkinlik yaşına çatmazdan əvvəl qıldığı namazları sonradan qılmadığı namazların qəzası hesab edə bilərmi?
İslam dininə görə, ibadətlərin əsas şərti insanın yetkinlik (həddi-büluğ) yaşına çatmasıdır. Yalnız yetkinlik yaşına çatdıqdan sonra insan öz əməllərinə görə cavabdehlik daşıyır. Yetkinlik yaşından əvvəl namaz qılan uşağın həm özü, həm də ona namazı öyrədən şəxs, eləcə də, namaz qılmağına şəait yaradan valideynlər savab qazanırlar. Amma bu savab uşağın həddi-büluğa çatdıqdan sonra daşıyacağı məsuliyyətləri əvəz etməz. Qılmadığı namazların borcu onun öhdəsindədir və onları mütləq qəza etməlidir.
Məsələnin ikinci tərəfi niyyətlə bağlıdır. Qəza namazları o zaman qəbul edilər ki, qılarkən insan qəza niyyəti etsin. Uşaq vaxtı qılınan namazlarda qəza niyyəti edilməyib. Çünki o vaxt hələ namazlar qəzaya getməmişdi. Daha aydın dillə desək, bu il qəzaya gedən namazın qəzası keçən il necə qılına bilərdi? Bunu qəbul etmək məntiqə ziddir. Ona görə də, uşaq vaxtı qılınmış namaz sonra buraxılmış namazın qəzası sayıla bilməz.