Oxucu sual verir: Allah İblisin üsyan edəcəyini qabaqcadan bilirdisə, niyə onu əvvəldə cəzalandırmadı?
Allah-təala məxluqatın bütün əməllərinə dünyanın qayda-qanunları çərçivəsində cavab verir. Əgər Allah yalnız öz hikməti əsasında məxluqatla davransaydı, bunun səbəbini və mənasını heç kim anlamazdı. Dünyada baş verən bütün hadisələr səbəb-nəticə qaydası çərçivəsində cərəyan edir. Əməl həyata keçməlidir ki, onun əvəzi verilsin. Əgər bir kəs öz əməlini həyata keçirməsə də, Allah bunu qabaqcadan bilir. Amma əgər Allah əməllərin cəzasını ya mükafatını qabaqcadan versə, əvvəla, əməl sahibləri bunun mahiyyətini anlamazlar, bilməzlər ki, nəyə görə mükafat ya cəza alırlar? İkincisi, günahkarlar etiraz edib deyərlər ki, bizə etmədiyimiz günaha görə niyə cəza verilir? Üçüncüsü, kənardan bunları müşahidə edən şəxslərdə Allahın ədalətinə qarşı inamsızlıq və anlaşılmazlıq yaranar. Allah öz bəndələrinə hüccəti tamam etmək (yəni onların bəhanəsini kəsmək üçün) hər kəsin əvəzini əməlindən sonra verir. Əməlin əvəzi dərhal da verilə bilər, bir müddətdən sonra da, hətta axirət aləminə kimi təzirə salına da bilər.