"Azərbaycanda İslam" mövzusunda keçirilmiş rəy sorğusunun ilkin təhlili
Cari ilin mart-aprel aylarında Azərbaycan Respublikasının Dini Araşdırmalar Mərkəzi və "İrəli" Ümumrespublika Gənclər Hərəkatı 16-35 arası yaş həddində olan 600 paytaxt sakini arasında "Azərbaycanda İslam" mövzusunda rəy sorğusu keçirmişdir. Sorğu şəhərin ən müxtəlif yerlərində, o cümlədən bilavasitə küçələrdə, kafelərdə, ali məktəb müəssisələrinin qarşısında və s. yerlərdə anket suallarının respondentlər tərəfindən yazılı surətdə cavablandırılması şəklində yerinə yetirilmişdir. Sorğu anketi iki blokdan ibarət olaraq tərtib edilmişdir. Anketin 5 sualdan ibarət olan birinci hissəsi respondentlərin cinsini, yaşını, təhsilini, milli mənsubiyyətini və həmçinin yaşayış statusunu müəyyənləşdirmək üçün nəzərdə tutulmuş, əsas ikinci hissə isə bilavasitə sorğunun mövzusu ilə bağlı 11 sualı əhatə etmişdir.
Ümumən sorğuda iştirak edənlərin 57%-i kişi, 43%-i qadın olmuşdur. Respondentlərin əksəriyyətinin, yəni 64%-nin yaş həddi 19-25 arasında qeyd edilmişdir. Yerdə qalanların 17%-ni 16-18, 14%-ni 25-30, 5%-ni isə 30-35 yaşında gənclər təşkil etmişdir.
Sorğuda iştirak edənlərdən 36%-i təhsilini natamam ali, 15%-i ali kimi qeyd etmiş 11%-i orta və ya orta-ixtisas təhsilinə malik olduqlarını bildirmişdir. Respondetlərimizin 30%-i anketlərində bakalavr, 3%-i magistr, 5% isə elmlər namizədi dərəcəsinə sahib olduğunu göstərmişdir.
Rəy sorğusu iştirakçılarının 74%-ni şəhərin daimi sakinləri, 13%-ni müvəqqəti qeydiyyatda olanlar və ya mövsümi sakinlər, 33%-ni qaçqın və məcburi köçkünlər (müvafq olaraq 18% və 15 %) təşkil etmişlər.
Respondentlər milli mənsubiyyət haqqında anket sualını aşağıdakı kimi cavablandırmışlar: 75% azərbaycanlı, 3% türk, 2% rus, 4% respubikada yaşayan ənənəvi müsəlman etnik azlıqların nümayəndələri (avar, tatar, ləzgi, axıska türkü). 14% sorğü iştirakçısı isə ümumiyyətlə anketin bu sualını cavablandırmamışdır.
Rəy sorğusunun ilk "Millət, ailə, şəxsi həyat, karyera məfhumlarına münasibətdə Allaha inam sizin həyatınızda hansı yeri tutur sualına?" respondentlərin böyük əksəriyyəti, yəni 80%-i 1-ci yeri, 9%-i ikinci yeri, 7%-i üçüncü yeri, 2%-i 4 və 5-ci yerləri qeyd etmişlər. Cəmi 2% Allaha inanmıram cavabını vermişdir.
Sözsüz ki, sorğunun bu sualına respondentlərin cavabı ilk baxışda bir qədər şübhə doğurur və sorğu iştirakçılarının səmimiyyət əmsalının aşağı olması təəssüratını yaradır. Həmçinin sorğunun digər maddələrinə verilən cavabların müqayisəli təhlili də bu qənaəti daha da dərinləşdirir. Lakin burada bir məsələyə ciddi diqqət verilməlidir. Əlbəttə ki, biz bu suala cavabı Allaha sevgi kontekstində qiymətləndirmək istəsək yuxarıda göstərilən 80% iştirakçının bəlkə də əksəriyyətinin verdiyi cavabın qeyri-səmimi olduğunu iddia edə bilərik. Amma məsələ burasındadır ki, ənənəvi olaraq müsəlman dünyagörüşündə Allaha münasibət ilahi sevgi ilə yanaşı Allah xofu üzərində qurulur. Hətta keçən əsrin 30-cu illərinin "mübariz ateizminin" tüğyan etdiyi dövrdə belə, dini ayinlərdən xəbəri olmayan, dini dünyagörüşdən tamamlə uzaq olan insanlar da "mən allahsızam" kəlməsini qətiyyən yaxına buraxmırdılar. Yəni başqa sözlə israr etmək olar ki, Allah xofu bu günkü azərbaycanlının özünü identifikasiyasının əsas atributlarından biridir. Fərd əməlində Şəriət tələblərindən çox-çox kənar ola bilər, hətta gündəlik həyatında islam qanun və əxlaqının tamam zddinə davrana bilər, amma bu qətiyyən onun özünü "Allahsız" kimi dəyələndirməsinə gətirib çıxarmır, əksinə Allah xofu fərdin kritik anlarında (hətta Allaha münasibətini maddi tələbatları prizmasından qursa belə), həmçinin özü ilə təkbətək qaldığı anlarda onun psixikasına önəmli təsirlər buraxır. Məhz bütün bunları nəzərə alaraq bir ənənəvi müsəlman olan azərbaycanlı gəncin sorğu anketi ilə təkbətək olduğu anda "Allaha inam sənin həyatında neçənci yeri tutur?" sualına, Allah xofunun təsiri altında 1-ci yeri cavabı verməsi qətiyyən təəccüblü və qeyri-səmimi görünməməlidir. Yəni bu cavab bəlkə də və hətta əksər hallarda Allaha sevgini ifadə etməsə də Allahdan çəkinmənin nəticəsidir. Fərd ailəsini də, karyersını da çox sevir və onları sevdiyi üçün və ya onların xatrinə Allaha sevgini 1-ci yerə qoymaya bilmir. Bu da təbiidir.
Sorğunun nəticələrindən göründüyü kimi yalnız 2% Allaha inanmadığını ifadə etmiş və anketin sonrakı suallarının təhlili də göstərir ki, heç də belə cavab verənlərin hamısı əqidəli ateistlər sırasına aid deyillər. Ümumiyyətlə sorğu göstərir ki, əqidəli ateistlər gözlənildiyi kimi cavanlar arasında faktiki olaraq yox dərəcəsindədir.
Sorğu anketinin növbəti hansı dinə mənsubsunuz sualına respondentlərin 95% İslam, 2% Xristian, 2% digər, cəmi 1% isə ateistəm cavabını vermişdir. Göründüyü kimi iştirakçıların 95% müsəlman olduğunu bildirsə də onların böyük əksəriyyəti ənənəvi müsəlmanlar kimi qiymətləndirilməlidir. Yəni əslində islam dininə mənsubiyyət orta statistik azərbaycanlının "Mən"inin tərkib hissəsi olsa da, bu qətiyyən dindarlığın göstəricisi deyildir. Növbəti sualların təhlili zamanı görəcəyik ki, islam dininə mənsub olduğunu bildirən gənclərin təxminən 32-si dindarlar və ya möminlər sırasına aid deyillər və "mən müsəlmanam" kəlməsi bu kateqoriya üçün ənənəvi mentalitet formulu xarakterini daşıyır. Amma eyni zamanda etiraf edilməlidir ki, bu kateqoriyanın tədrici "möminləşməsi", yəni dindarlaşması prosesi də gündəlik həyatımızın aktual xüsusiyyətlərindəndir.
İctimai rəy sorğusunun növbəti "Özünüzü İslam dininin hansı məzhəbinə aid edirsiniz?" sualına rəyi soruşulanların 22%-i "şiə-cəfəri", 11%-i "sünnü", 1%-i "sələfi" cavabını vermiş, 3%-i cavab verməyə çətinlik çəkdiyini söyləmiş, 6%-i isə anketin "heç biri" qrafasını işarələmişdir. Nəhayət əksəriyyət, yəni 57% "fərqi yoxdur, biz müsəlmanıq" cavabını vermişdir. Bu nəticələr ilk növbədə Azərbaycan cəmiyyətində mövcud olan ənənələrin hələki dini mühitdə öz dominant mövqelərini qoryub saxladığını göstərir. Yəni respondentlər Azərbaycan cəmiyyətində, xüsusən Bakı mühitində özünə dərin kök salmış məzhəblərarası dözümlülüyə sadiqdirlər və məzhəb fərqlərinin hətta sadəcə qeydiyyat şəklində belə qabardılmasına mənfi münasibət bəsləyirlər. Bu özünü anketlərə respondentlər tərəfindən edilən qeydlərdə də büruzə vermişdir. Məzhəb mənsubiyyətini göstərənlər içərisində cəfərilərin əksəriyyət təşkil etməsi də ənənəvi hesab oluna bilər. Lakin burada cavablar qiymətləndirilərkən xüsusi diqqət ona verilməlidir ki, respondentlərin özlərinin də anketin əvvəlki sualını təhlil edərkən gördüyümüz kimi əksəriyyəti mömin deyil, ənənəvi müsəlmanlardır. Çünki bir qədər sonra görəcəyimiz kimi Azərbaycanda cəfərilik ənənəvi çoxluqa malik məzhəb sayılsa da, dini biliklər artıqca, dindar-mömin kateqoriyasının sayı artdıqca bu ənənə ciddi dəyişikliklərə məruz qalır. Bizim mərkəzin apardığı tədqiqatlar göstərir ki, Bakı və Sumqayıt kimi şəhərlərdə dindarlaşan müsəlman gənclər arasında sünniliyin və sələfiliyin inkişaf templəri cəfəriliyin işkişaf templərindən daha sürətlidir. Başqa sözlə tutaq ki, ənənəvi lakin qeyri-dindar cəfəri ailələrindən çıxan cavanların dindar sünnüyə və ya sələfiyə çevrilməsi halları intensiv xarakter daşıyır.
Azərbaycana məxsus ənənvi tolerantlığın gənclər arasında da populyar olduğunu sorğunun digər bir sualına cavablardan da müşahidə etmək mümkündür. Belə ki, respondentlərin 62 % "İslamın digər dinlərlə münasibətlərinə necə baxırsınız?" sualına müsbət cavab vermiş, 17% məsələyə biganə olduğunu bildirmiş, 13% cavab verməyə çətinlik çəkdiyini qeyd etmiş, yalnız 8% bu məsələyə mənfi münasibət göstərdiyini işarə etmişdir.
Bu sosioloji sorğunun digər iki sualı bizim xüsusi maraq göstərdiyimiz və aktual hesab etdiyimiz mövzular olduğundan məhz bu nəticələri daha da dərin təhlil edərək anketin digər nəticələri ilə hərtərəfli müqayisə etməyə çalışmışıq.
Özünün İslam dininə mənsub olduğunu bildirən respondentlərimizin 34% namaz qıldığını (bunların 50% kişi, 34% qadın), 56% Ramazan orucunu tutduğunu, 77% nəzir verdiyini, 34% Qurban mərasimini qeyd etdiyini, 26% dinə dəvət, yəni İslamın təbliğini həyata keçirdiyini, 18% xüms və zəkat kimi dini vergiləri verdiyini, yalnız 11% bu dini ayinlərdən heç birini yerinə yetirmədiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, göstərilən nəticələr Dini Araşdırmalar Mərkəzinin son illərdə dinin yayılma templəri ilə bağlı apardığı tədqiqatlardan əldə olunan nəticələri əsasən təsdiq etmişdir. Belə ki, namaz qılanların sayı ilə bağlı nəticələr bizim gözlədiymizdən yalnız 3-4% civarında çox, Ramazan orucunu tutanların sayı isə bir o qədər az olmuşdur. Lakin nəzərə alsaq ki, namaz ibadətini müntəzəm olaraq icra etdiyini, ümumən İslam dininə mənsub olduğunu bildirən respondentlərimizin 29% qeyd etmişdir (yəni namaz ibadətini yerinə yetirdiyini bildirən respondentlərimizin 85%-i), onda əslində mərkəzin tədqiqat nəticələrinin kifayət qədər səlis olduğu qənati hasil olacaqdır. Əgər bu nəticəni eyni zamanda İslama dəvətlə məşğulluğu bildirən 26% rəqəmini də nəzərə alaraq (məlumdur ki, İslama dəvətin ibadət kimi qəbul edilməsi və icrasının həyata keçirilməsi mömin fərdin dini dünyagörüşünün formalaşmasının piki kimi qiymətləndirilir) dəyərləndirsək onda cəmiyyətimizdəki cavanlar arasında aktiv müsəlmanların sayının son illərdə yüksək templərlə artdığının şahidi olarıq.
Namaz qıldığını bildirənlərdən 26% cəfəri, 15% sünnü, 2% sələfi olduğunu qeyd etmişdir. Lakin yerdə qalan 55% məzhəb mənsubiyyətini göstərməsə də, anketin digər parametrləri ilə müqayisə nəticəsində məzhəb mənsubiyyətini göstərməyənlərin 53% -nin sünnü, 27%-nin cəfəri, 19%-nin sələfi olduğu üzə çıxmışdır.
Maraqlı nəticələrdən bir də odur ki, əgər təxminən 10 il bundan qabaq müsəlman dindar qrupların dini biliklərə yiyələnməsi xarici təsirin altında həyata keçirildiyindən onların Azərbaycan dövlətçiliyinə münasibəti ehtiyatlı-şübhəli idisə, bu sorğu dindar respondentlər arasında dövlətə rəğbətin artdğını açıq şəkildə büruzə verir. Belə ki, hətta konservativ dini görüşlərə mənsub respondentlərin 15%-i ümumən isə sorğu iştirakçılarının 32%-i burada digər müsəlman ölkələrindən gələn dini təbliğatın əleyhinə münasibət bildirir.
Bununla belə bütövlükdə sorğuda iştirak edənlərin nisbətən çox hissəsi yəni 41%-i Türkiyə mənşəli dini təbliğatı ölkəmiz üçün məqbul hesab edir və ən maraqlısı odur ki, hətta cəfəri olduğunu qeyd edən dindar təbəqənin də çoxluq hissəsi yəni 31% Türkiyənin dini təbliğatını ölkəmiz üçün arzuolunan hal kimi qiymətləndirir. Dindar şiə cəfərilərin müqayisədə nisbətən az hissəsi yəni 27%-i İran mənşəli dini təbliğata tərəfdar olduğunu qeyd edir. Ümumən isə respondentlərimizin cəmi 7% İran mənşəli dini təbliğata müsbət münasibət bildirir. Ərəb ölkələrindən ixrac olunan dini təbliğata isə sorğu iştirakçılarının ümumi sayının 15%-i məqbul qiymətləndirir. Gördüyümüz kimi sorğu iştirakçılarının böyük əksəriyyəti ya Türkiyə mənşəli dini təbliğata, ya da yerli imkanlardan istifadəyə üstünlük vermişdir. Yəni azərbaycanlılar xarici faktorlar içərisində Türkiyəyə daha isti münasibət bəsləyirlər. Bu da çox güman ki, Türkiyə dövlətinin dini dəyərlərə əhəmiyət verilən dünyəvi idarəetmə prinsiplərinə əsaslanan dövlət olması ilə bağlıdır. Belə ki, növbəti sual da respondentlərin oxşar mövqeyini ortaya qoyur. Ümumi ictimai rəyin ərəb ölkələrinə xüsusən də İrana münasibəti isə olduqca ehtiyatlıdır.
Sorğu iştirakçılarına ünvanlanan növbəti "Dövlət idarəçiliyində İslam qanunlarının nəzərə alınmasına hansı formada tərəfdarsınız?" sualına 9% "İslam qanunlarına əsaslanan dövlət idarəçiliyinə tərəfdaram" cavabını vermiş, namaz ibadətini icra edən dindarlar arasında bu rəqəm 16%-i təşkil etmişdr. Əksəriyyət yəni 54% anketin bu sualına "İslam dəyərlərinin geniş təbliğ olunduğu dünyəvi dövlət idarəçiliyinə tərəfdaram" şəklində cavab vermişdir. Namaz qılan dindarlar arasında bu cür cavab verənlər 66%-i təşkil etmişdir. Ümumi respondentlərin 34% isə "mövcud dünyəvi dövlət idarəçiliyinin tərəfdarıyam" cavabını vermişdir. Namaz qılanlar arasında bu rəqəm 11% olmuşdur. Sorğu iştirakçılarının üst-üstə 5% isə cavab verməyə ya tərəddüd etmiş və yaxud ateist dövlət idarəçiliyinə tərəfdar olduğunu bildirmişdir. Namaz qılanlar arasında isə aydındır ki, ateizm tərəfdarı olmasa da 4% cavab verməyə həmçinin tərəddüd etmişdir.
Respondentlərin "Qeyri-ənənəvi dini təşkilatların və cərəyanların Azərbaycandakı fəaliyyətinə necə yanaşırsınız?" sualına cavabı aşağıdakı kimi olmuşdur:
Müsbət-3% Loyal-9% Dözmürəm-10% Mənfi-62% Cavab verməyə çətinlik çəkirəm 16%.
Rəy sorğusunu sonuncu "dövlətin hal-hazırda dini dəyərlərimizə verdiyi önəm Sizi qane edirmi?" sualına isə
Respondentlərin 25%-i "bəli, kifayət qədərdir", 52%-i "Daha artıq münasibət göstərməsini istərdim", 5%-i "həddən artıq önəm verir", 17%-i "cavab verməyə çətinlik çəkirəm", 1%-i "xeyr" cavabını vermişdir.
Bu sorğu DİNİ ARAŞDIRMALAR MƏRKƏZİ və "İrəli" Ümumrespublika Gənclər Hərəkatı tərəfindən həyata keçirilmişdir. Məlumatların isifadəsi zamanı istinad tələb olunur.