Oxucu sual verir: Namaz zamanı ağlamaq namazı pozarmı?
Namaz zamani insanı Allahdan uzaq salan, onu mənəvi haldan çıxaran, namaz ruhiyyəsindən kənarlaşdıran heç bir əməl icazəli deyil. Bunlar qəsdən edilərsə, namaz pozulmuş sayılır. Dünya işlərindən ötrü ağlamaq da bura aiddir. Yəni əgər insan məsələn, kasıblıq, öz yaxınından ayrı düşmək üzündən səsini ucaldaraq ağlasa, namaz halından çıxmış olar. Dini səbəb üzündən ağlamaq isə namazı pozmaz. Burada dini səbəb deyərkən, məsələn, öz günahlarını yada salaraq tövbə etmək, Allahın qəzəbindən çəkinmək nəzərdə tutulur. Amma bu zaman da çalışmaq lazımdır ki, ağlayarkən səs ucaldılmasın. Unutmaq olmaz ki, dinimizdə hər şeydən əvvəl səmimiyyət və ixlas bəyənilir. Öz günahlarını yada salaraq qeyri-ixtiyari olaraq göz yaşı axıtmaq namaz qılan şəxsin mənəvi cəhətdən daha da təmizlənməsinə yardım edər.