Türkiyənin baş naziri Rəcəb Tayıb Ərdoğan AŞPA-nın yaz sessiyasının plenar iclasında çıxış edib
APA-nın Avropa bürosunun məlumatına görə, baş nazir çıxışında Avropa Şurası və Türkiyə münasibətləri tarixinə, dünyada gedən siyasi vəziyyətə, Türkiyənin ərəb ölkələrində baş verən hadisələrə və Liviya məsələsində Türkiyənin mövqeyinə toxunub. O, Türkiyənin çox güclü bir ölkə olduğunu AŞPA üzvlərinin nəzərinə çatdıraraq Türkiyənin Avropa İttifaqına qəbul edilməsinə qarşı çıxan bəzi ölkələrin mövqeyini qınayıb: "Türkiyənin Avropa İttifaqına üzvlüyü daxili siyasi məqsədlər və kampaniyalar üçün istifadə edilə bilməz. Türkiyənin Avropa İttifaqına, Avropa İttifaqının isə Türkiyəyə ehtiyacı var. Türkiyənin Avropa İttifaqına üzvlüyünün təşkilata, onların rifahına zərər və xələl gətirəcəyini düşünənlər həm Türkiyəyə, həm Avropa İttifaqına, həm də öz xalqlarına münasibətdə haqsızlıq edirlər. Bu baxımdan, biz gözləyirik ki, bizim Avropa İttifaqına namizədliyimiz qərəzsiz şəkildə nəzərdən keçirilsin. Türkiyə bu istiqamətdə, demokratiya sahəsində tarixi islahatlar həyata keçirib. Korrupsiya, yoxsulluq və azadlıqların azaldılmasına qarşı mübarizə sahəsində önəmli islahatlar həyata keçirilib. Məsələn, bu gün Fransada qaraçıları qovub ölkədən çıxarırlar. Budur demokratiya? Fransada müsəlmanlara qarşı kampaniya gedir. Budur dini düzümlülük? Türkiyədə isə bu problemlər yoxdur və bütün mili və dini azlıqlar rahat və birgə şəkildə ölkəmizdə yaşayırlar. Biz demokratiya, insan hüquqları, hüququn üstünlüyü tərəfdarları olmalıyıq, üstünlərin hüququnun tərəfdarı yox".
Türkiyədə son vaxtlar mətbuat probleminə də toxunan Ərdoğan bu məsələnin düzgün araşdırılması üçün Avropa Şurasının ölkəsinə qurumun nümayəndə heyətinin də göndərilməsi mümkünlüyünü vurğulayıb: "Mətbuata qarşı təzyiqlərin edilməsi iddiası gerçəyi göstərmir. Bu sadəcə Türkiyədə bəzi KİV nümayəndələrinin mafioz qruplarının sifarişi ilə verdikləri yazıları ucbatından olub. Türkiyədə hazırda 26 jurnalist həbsdədir və onların heç biri jurnalistik fəaliyyətlərinə görə həbs edilməyiblər. Mən bu gün Avropa Şurasının baş katibi ilə görüşümdə də bildirdim ki, əgər vəziyyətin həqiqətən də nə yerdə olduğunu bilmək istəyirsinizsə, buyurun öz nümayəndənizi ölkəmizə göndərə bilərsiniz və məsələni düzgün şəkildə yerdə araşdırmaq imkanınız olar". 7