Oxucu sual verir: Azan verilə-verilə namaza başlamaq olarmı?
Hər namazın vaxtı azan verildiyi anda başlamış olur. Əlbəttə, diqqət yetirmək lazımdır ki, azan öz vaxtında verilsin, dəqiq hesabatlarla əsasında tərtib edilmiş cədvəldəki vaxtdan tez verilməsin. Əslində azan verilməyə başladığı an, yəni ilk “Allahü əkbər” sədası ilə namaza başlamaq olar. Amma azanı dinləyib, sonra iqamə söyləmək, bunun ardınca namaza başlamaq daha yaxşıdır. Azanı dinləyərkən sakit olmaq və hər bir azan cümləsindən sonra onu astadan təkrar etmək savabdır. Eləcə də, azan cümlələri arasında ehtiram məqsədi daşıyan sözləri söyləmək, yəni “la ilahə illəllah” kəlməsindən sonra “cəllə cəlaluh” (cəlalı uca olsun) söyləmək, Həzrət Peyğəmbərin (s) adından sonra salavat demək və İmam Əlinin (ə) adından sonra onun ruhuna salam söyləmək müstəhəbdir.