Bakıda işinə başlamış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sülh və inkişafa nail olmaq məqsədi ilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik" mövzusunda I sessiya keçirilir
APA-nın xəbərinə görə, əvvəlcə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib və sessiyanın proqramını açıqlayıb. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba həmsədrlik edir.
E. Məmmədyarov çıxışında forumun əhəmiyyətindən danışıb və bu cür layihələrin daha tez-etz təşkilini arzulayıb: "Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq fomaları yaranacaq, ya da mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcək. Mən sizlərdən mədəniyylərarası dialoqu artırmaq üçün təkliflər gözləyirəm".
J. K. Ba isə 2 il əvvəl Beynəlxalq Münaqişələr üzrə İnstitutun apardığı araşdırmanı xatırladıb: "Araşdırmanın nəticələrinə görə, dünyada 143 ciddi münaqişə var. Bunların 8-də güclü mədəni komponent var ki, bu münaqişələrin yaranmasına səbəb olub. Elə bir zamanda yaşayırıq ki, bir-birimiz haqqında yetəri qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm".
Sonra Şanxay Beynəlxalq Əlaqələr Mərkəzinin sədr müavini Pan Guanq, UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, AŞ Şimal-Cənub Mərkəzinin sədr müavini Eberard Koelş, "Kaunterpoint Britaniya Şurası" təşkilatında Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Darla Dierdorf çıxış ediblər. I sessiya çıxışlarla davam edir.