"Əl-İttihad" qəzetində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş geniş məqalə dərc olunub
Birləşmiş Ərəb Əmirlikləri Bakı şəhərində 7-9 aprel tarixlərində Azərbaycan Elmlər Akademiyasının patronajlığı altında keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən APA-ya verilən məlumata görə, Bakıda keçiriləcək forumla bağlı "Əl-İttihad" qəzetinin 4 aprel sayında geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, "Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi" başlığı altında keçiriləcək forumda bir neçə ölkənin dövlət başçısı, ayrı-ayrı ölkələrdən nazirlər və yüksək çinli dövlət rəsmiləri, o cümlədən, Avropa, Asiya və Afrikadan tanınmış mütəfəkkir, filosof, elm, mədəniyyət, incəsənət və din xadimləri, eləcə də siyasətçilərinin iştirakı gözlənilir.
"Forumun birinci sessiyasının proqramına "dünyanın bölünməməsi" yaxud da "sivilizasiyaların dialoquna sərhəd yoxdur" mövzulu əsas toplantı, eləcə də, "müasir dünyada dialoq fəlsəfəsinin idrakına dair" və "mədəniyyətlər və qloballaşmanın müxtəlifliyi: standart fikirlərdən azad olmaq üçün dialoq səyləri" mövzusunda iki dəyirmi masa, həmçinin, Avropa və Asiya qitələri Fəlsəfə institutları birliyinin direktorlarının xüsusi toplantısının keçirilməsi daxildir. Mədəniyyət, təsviri incəsənət və irslə bağlı toplantı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Şurasının, dinlərarası dialoqla bağlı toplantı isə Avropa Şurasının Şimal və Cənub Mərkəzinin patronajlığı altında keçiriləcəkdir. BMT nəzdində fəaliyyət göstərən "Sivilizasiyaların birliyi" qurumu tərəfindən "Müasir medianın mədəniyyətlər arasında dialoqun yayılması işində rolu" və "Mədəniyyətlərarası dialoqun müasir inkişaf prosesində rolu" mövzularını əhatə edəcək toplantı keçiriləcək, həmçinin, YUNESKO tərəfindən isə "Qadınların mədəniyyətlərarası dialoqda rolu" başlıqlı toplantı təşkil olunacaqdır. Tədbir çərçivəsində Avropa Şurası, BMT yanında "Sivilizasiyaların bloku" ofisi, YUNESKO, Avropa Şurası Şimal və Cənub Mərkəzinin nümayəndələri ilə Azərbaycan tərəfi arasında mədəniyyətlərin yayılması ilə bağlı tərəflərin plan və layihələri, eləcə də, təşəbbüslərini əks etdirəcək toplantının keçirilməsi planlaşdırılır. Həmçinin, "Sivilizasiyalar birliyi", İKT Gənclər Forumu və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Gənclər sivilizasiyaların birliyi uğrunda" adlı beynəlxalq hərəkatın təsis edilməsi kimi bəzi konkret tədbirlərin görülməsi də planlaşdırılır". Məqalədə vurğulanır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva 2007-ci ildə mədəniyyətlər arasında mövcud olan və həll edilməyən problemlərin aradan qaldırılması məqsədilə hazırkı vaxtda beynəlxalq münasibətlər sistemindəki böyük əhəmiyyətə malik məsələlərə, eləcə də, mədəniyyətlər və sivilizasiyalar arasındakı əlaqə ilə bağlı mövcud olan ciddi məsələlərə diqqətin ayrılması üçün bu hərəkatın təsis edilməsi ilə bağlı təklif irəli sürüb.