Oxucu sual verir: Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?
Oruc tutmaq İslam dinində bəyənilən və müstəhəb bilinən əməllərdən sayılır. Ona görə də ilin istənilən günündə oruc tutmaq müstəhəbdir. Yalnız Fitr və Qurban bayramı günləri istisnadır; həmin günlərdə oruc tutmaq haramdır.
Bundan əlavə, aşağıda göstərilən günlərdə oruc tutmağın xüsusi savabı olduğu bildirilir:
Hər qəməri ayın (müsəlman ayının) 13-cü, 14-cü və 15-ci günləri.
Hər qəməri ayın birinci və sonuncu cümə axşamı günləri. Eləcə də, hər ayın 10-dan sonrakı ilk çərşənbə günü.
Rəcəb və şəban aylarının istənilən günləri.
Novruz bayramı günü.
Şəvval ayının 4-dən 9-na kimi keçən altı gün.
Zilqədə ayının 25-i və 29-u, zilhiccə ayının 1-dən 9-na kimi.
Qədir-Xüm bayramı günü (18 zilhiccə).
Mübahilə günü (24 zilhiccə).
Mühərrəm ayının 1-i, 3-ü və 7-si.
Peyğəmbərin mövlud günü (17 rəbiül-əvvəl).
Cəmadiyül-əvvəl ayının 15-i.
Peyğəmbərin besət günü (27 rəcəb).