Oxucu sual verir: Tövbə surəsi niyə bismillahsız başlayır?
Qurani-kərimin 114 surəsindən 113-ü “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi ilə başlayır. Yalnız 9-cu surə olan “Tövbə” surəsinin əvvəlində bu ayə yoxdur. Bunun səbəbini müxtəlif cür izah etmişlər. Bir nəzəriyyəyə görə, surə müşriklərdən bizarlıq (narazılıq) çağırışı ilə başlayır: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq!” Amma “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi isə Allahın sonsuz mərhəmətindən xəbər verir. Allah-təala rəva görməmişdir ki, müşriklərə nifrətdən əvvəl öz mərhəmətini xatırlatsın; çünki bunlar bir-biri ilə uyğun gəlmir.
İkinci nəzəriyyəyə görə (bu nəzəriyyə daha az inandırıcı sayılır), “Tövbə” surəsi ilk zamanlarda özündən əvvəlki “Ənfal” surəsinin ardı kimi qəbul edilmiş, hətta onunla birlikdə oxunmuşdur. Sonralar o, müstəqil surə sayılmışdır. Ona görə də surələrin əvvəlində gələn “bismilah” ayəsi “Tövbə” surəsinin başlanğıcında deyilmir.