Bu gün Mərakeşin Azərbaycandakı səfiri Hassan Hami Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə səfirliklə agentlik arasında əlaqələrdən danışılıb.
Səfir Hassan Hami ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ölkəmizlə geniş əməkdaşlıq qurduğunu, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edib. O, ölkəsinin mediasında APA-nın ərəb və fransız dili xidmətlərinin xəbərlərindən geniş istifadə olduğunu diqqətə çatdırıb. Səfir agentliklə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib və təkliflərini səsləndirib.
Təklifləri müsbət qarşılayan V. Mahirqızı da əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını, iki ölkənin xalqlarının bir-birini tanıması üçün medianın mühüm rolu olduğunu qeyd edib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi üçün verilən təkliflərin reallaşdırılması istiqamətində işə başlanılması razılaşdırılıb.