"İsrailin öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməmək barədə etdiyi xəbərdarlıq bir həftəlik müddəti nəzərdə tutmuşdu".
Bu fikirləri APA-nın sualına cavabında Bakıda səfərdə olan israilli politoloq David Aydelman deyib. O bildirib ki, bu qərar İsrailin Terrorla Mübarizə Şurası tərəfindən verilmişdi: "Xəbərdarlıq "Hizbullah" liderlərindən birinin öldürülməsi ilə bağlı keçirilən tədbirlərlə əlaqəli idi. İran tərəfdən terror həyata keçiriləcəyi gözlənilirdi. Bu xəbərdarlıq məhz Azərbaycana aid deyildi, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela və bir sıra digər ölkələrin də əhatə edirdi".
Politoloq onu da əlavə edib ki, bu həftə Bakıya gələn İsrail vətəndaşlarının sayını araşdırıb və bu say adi vaxtlarda olan rəqəmdən fərqlənmir: "İstənilən antiterror təşkilatı, istənilən antiterror şurası ilk növbədə istənilən hadisədən sığortalanmaq istəyir. Ona görə də İranla həmsərhəd olan ölkələr bu siyahıya daxil edilmişdilər. Bu qərarda spesifik bir şey olmayıb, bu ölkələrdə İran İsrail vətəndaşlarına qarşı hadisə törədə bilərdi".