Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, Regional Mərkəz) mart ayından etibarən "İKT Modeli" adlı layihəni həyata keçirməyi planlaşdırır. İKGF-dən APA-ya verilən məlumata görə, layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası və Bakı Dövlət Universitetidir. Məlum olduğu kimi ənənəvi olaraq hər il gənclərin effektiv kommunikasiya, çoxtərəfli diplomatiya və insan hüquqları üzrə biliklər əldə etməsi üçün oxşar BMT Modeli Proqramı da həyata keçirilir. "İKT modeli" layihəsi həmin modelin analoqu olaraq İKGF tərəfindən ilk dəfə olaraq həyata keçirilir və bütün İKT ölkələrini əhatə etməsi nəzərdə tutulur.
DƏ-İKGF-nin əsas məqsədlərindən biri İKT modeli proqramını həyata keçirməklə İKT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Bu proqram xüsusilə Avrasiya məkanında yerləşən ölkələrdə fəaliyyət göstərən gənc liderlərin beynəlxalq səviyyədə təmsilçilik işinə töhfə vermək məqsədi güdür.
İki il müddətinə nəzərdə tutulan "İKT modeli" proqramının modulyasiya məsələləri çərçivəsində azərbaycanlı və ölkəmizdə təhsil alan xarici tələbələrə İKT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqeyini çatdırmaq, İKGF Mədəniyyətlərarası Dialoq üzrə Bas koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində praktik məsələlərin müzakirəsi də planlaşdırılır.
Bu ilin mart ayında start veriləcək layihənin birinci mərhələsini başlayaraq iki ay ərzində İKT-nin aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İKT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. İki aylıq müzakirələrin nəticəsi olaraq model oyunlar çərçivəsində "İKT Sammiti" keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həll edilməsi üzrə təkliflər öz əksini tapacaq.
Müxtəlif İKT ölkələrini təmsil edən gənclərə həmin ölkələrin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar. İki aylıq kursların sonunda keçiriləcək "İKT sammitində" qələbə əldə edən işçi qruplar xüsusi mükafatla təltif olunaca və 2011-ci ilin iyun ayında İstanbulda keçiriləcək beynəlxalq "İKT modeli" yarışmalarına qatılmaq hüququ əldə edəcəklər.