İranda hicabsızlığa qarşı mübarizə aparan "Əmre-be-məruf və nəhy-əz-monker" (Yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək) təşkilatının nazirliyə çevriləcəyi barədə məlumatlar yayılır. "Media forum" saytının məlumatına görə, "Əmre-be-məruf və nəhy-əz-monker" təşkilatının rəsmilərindən olan Cavad Sadıqzadə jurnalistlərə açıqlamasında bu qurumun nazirliyə çevrilməsi təklifi ilə ölkə prezidenti Mahmud Əhmədinejada müraciət etdiyini və dövlət başçısının təklifi bəyəndiyini deyib. C.Sadıqzadənin sözlərinə görə, prezidentin razılığından sonra hökumət "Əmre-be-məruf və nəhy-əz-monker" nazirliyinin yaradılması haqda layihəni parlamentə - İslami Şura Məclisinə təqdim edib.
Mərkəzi Ostan əyalətində (bu əyalətin mərkəzi şəhəri Tehrandır) keçirilən, "Əmre-be-məruf və nəhy-əz-monker"in müxtəlif idarələrdə, zavodlardakı fəaliyyətinə həsr olunan toplantıda çıxış edərkən C.Sadıqzadə deyib ki, yaxşı işlərə əmr edən və pis işlərdən çəkindirən hər bir kəs Allahın yer üzündə nümayəndəsidir.