Oxucu sual verir: Quranda Allahın bal arısına vəhy etdiyi bildirilir. Bu, necə vəhydir?
“Vəhy”sözü lüğətlərdə sürətli və ardıcıl işarə mənasında, həmçinin, başqalarının hiss etmədiyi gizli işarə mənasında qeyd edilib. Quranda “vəhy” sözü Allahın bütün insanlara fitri göstərişləri, peyğəmbərlərə göndərdiyi əmrlər, hətta şeytanın öz tərəfdarlarına etdiyi vəsvəsə mənalarında işlədilib. Beləliklə, Quranda həm peyğəmbərlərə göndərilən əmrlər mənasında qəbul etdiyimiz vəhy anlayışı, həm də sair canlılara verilən işarə mənasında anladığımız ilham anlayışı birlikdə vəhy kimi təqdim edilib.
Arıya edilən vəhy – bütün canlılara edilən ilham qismindəndir, amma başqa canlılara nisbətən daha əhatəli olması da mümkündür. Bu, hidayət məfhumu ilə də sıx bağlıdır. İslam alimləri hidayəti iki qrupa ayırmışlar: təkvini hidayət və təşrii hidayət.
Təkvini hidayət Allah-təala tərəfindən bütün canlılara fitrətən bəxş edilib. Quranda buyurulur: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da onu hidayət edəndir” (Ta-Ha, 49-50). Məhz təkvini hidayətin sayəsində bütün canlılar (hətta heyvanlar və quşlar da) özlərinə lazım olan əlverişli həyat şəraitini tapır, təhlükədən xilas olurlar.
Təşrii hidayət yalnız insanlara xasdır. Əvvəla, Allah insana şüur verib ki, onun vasıtəsilə haqqı batildən, pisi yaxşıdan ayırsın. İkincisi, insanlara peyğəmbərlər göndərmiş, müqəddəs kitablar nazil etmişdir. Bu dəvətlərə cavab verib-verməmək ixtiyarı insanın özünə məxsusdur: “Biz onu (insanı) haqq yola hidayət etdik; istər minnətdar olsun, istər nankor” (İnsan, 3).