Oxucu sual verir: İstanbuldakı Sultan Eyyub ziyarətgahının taixçəsi necədir?
İstanbul şəhərindəki Sultan Eyyub ziyarətgahı məşhur səhabə Əbu Eyyub Ənsarinin məzarı üzərində yerləşir. Həzrət Mühəmməd Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra özü üçün ev tikilənə kimi 7 ay Əbu Əyyub Ənsarinin evində qonaq qalmışdı. Əbu Eyyub Ənsari Peyğəmbərin sağlığında döyüşlərdə şücaət göstərmiş, o həzrətin vəfsatından sonra da Əhli-beytə sadiq olmuşdu.
Hicri 52-ci (miladi 672-ci) ildə Əbu Əyyub Ənsari Bizansla müharibəyə göndərilmiş qoşunun tərkibinə qatıldı. Müsəlmanlar Bizansın paytaxtı Konstantinopolun qala divarlarına yaxınlaşan əsnada o, ağır xəstələndi. Ölüm ayağında vəsiyyət etdi ki, onu müsəlmanların irəliləyəcəyi ən son nöqtədə dəfn etsinlər. Deyirlər ki, uzun müddət quraqlıq vaxtı xristianlar Əbu Əyyub Ənsarinin məzarına pənah gətirir və orada dua edib Allahdan yağış istəyirmişlər.
1204-cü ildə Konstantinopol səlibçilər tərəfindən talan edildikdə türbə dağıdıldı və itib-batdı. Sultan Mehmet Fateh Konstantinopolu fəth etdikdən sonra məsləhətçisi və ustadı Ağşəmsəddinin köməyi ilə məzarın yerini tapdı və burada möhtəşəm bir məscid tikdirdi. Osmanlı imperiyasında belə bir ənənə var idi ki, hakimiyyətə gələn hər bir sultanın qılınc bağlama mərasimi Sultan Əyyub türbəsində keçirilirdi.