Azərbaycanın Liviyadakı səfirliyi öz işini davam etdirir.
Səfir Ağasəlim Şükürov APA-ya açıqlamasında hazırda Liviya paytaxtında sakitlik olduğunu söyləyib: "Toqquşmalar həm paytaxtdan 8 km aralıda, həm də Benqazi şəhərində baş verir. Tripoliyə hərbi zərbələr endirilməsi ehtimalını tam rədd etmək olmaz, lakin buna baxmayaraq, biz işə davam edirik".
A. Şükürov BMT Təhlükəsizlik Şurasının Liviyanın hava məkanında uçuşları qadağan etdiyini xatırladıb. Qətnamə yerüstü hərbi əməliyyatı istisna edir, lakin mülki əhalinin və yaşayış məntəqələrinin müdafiəsi, o cümlədən uçuşa yasaq zonanın qorunması üçün bütün lazımi tədbirləri görməyə icazə verir. Uçuşa yasaq zonanın müəyyənləşdirilməsi ilə əlaqədar heç bir təyyarə Liviyaya gələ və ölkədən gedə bilməz. Ölkəni hava yolu ilə tərk etmək mümkün deyil, lakin qurudan mümkündür.
A. Şükürov səfirliyin konsul xidmətində qeydiyyatda olan bütün Azərbaycan vətəndaşlarının Liviyanı tərk etdiklərini vurğulayıb. Hadisələr başladıqdan sonra səfirliyin bir neçə diplomatı da Azərbaycana göndərilib. Hazırda səfirlə bərabər 3 diplomat qalıb.