Bəhreyn ordusu paytaxt Manamanın mərkəzindəki Mirvari Meydanını nəzarətə götürüb.
APA-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, hərbçilər müxaliflərin meydanda qurduğu çadır düşərgəsini dağıtmağa başlayıblar. Nümayişçilərə qarşı ağır texnikadan, o cümlədən tanklardan, eləcə də gözyaşardıcı qazdan istifadə olunur. Meydandan atəş səsləri də eşidilir. "France-Presse" agentliyi nümayişçilərin müqavimət göstərmədiyini xəbər verib. Meydanın üzərində helikopterlər dolaşır. Buldozerlər yolları barrikadalardan təmizləyir.
Qeyd edək ki, Bəhreyn kralı Hamad əl-Xəlifə ölkədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edib. Səudiyyə Ərəbistanı Bəhreyn hökumətinə dəstək məqsədilə bu ölkəyə 1000-ə yaxın hərbçi, Birləşmiş Ərəb Əmirlikləri isə 500-ə yaxın polis göndərib.