Səudiyyə Ərəbistanı ordusunun minə yaxın əsgəri sərhədi keçərək qonşu Bəhreynə daxil olub. APA-nın xəbərinə görə, bu barədə "France Presse" məlumat yayıb. Bəhreynə yeridilən Səudiyyə qüvvələri Fars Körfəzindəki ərəb monarxiyalarının birgə müdafiə üçün yaratdıqları "Qalxan" korpusunun tərkib hissəsidir.
Hərbi qüvvələr Bəhreynin rəsmi xahişi ilə bu ölkəyə göndərilib. Belə ki, Bəhreyn təhlükəsizlik orqanları bir aya yaxındır ölkədə keçirilən kütləvi etiraz aksiyalarını yatıra bilmir. Etiraz aksiyaları keçirən şiə çoxluq onlara geniş siyasi hüquqlar verilməsini və sünni kralı ailəsinin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edir.