Bu il Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarəti ilə bağlı Azərbaycana ayırdığı kvota dolmayıb. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana ayrılan 6 000 nəfərlik kvotanın təxminən 700-800 yeri boş qalıb. M. Payızov artıq QMİ-də Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun başa çatdırıldığını bildirib. Onun sözlərinə görə, boş qalan limit təyyarə ilə olan yerlərdədir: "Kvotanın dolmaması problem deyil. Əslində Azərbaycan üçün kvota 8 mindən bir qədər artıqdır. Biz isə bu il 6 min nəfərlik kvota götürmüşdük. Bu rəqəm hər il dəyişə bilər". Şöbə müdiri avtobusla Həccə gedəcək 1700 zəvvarın hamısının sənədlərini təqdim etdiyini deyib: "Onlar dekabrın 3 və 5-də ziyarət səfərinə iki avtobus karvanı ilə göndəriləcək ki, bu karvanların da hər birində 35 avtobus olacaq". M. Payızov zəvvarların təyyarə ilə dekabrın 9-u 10-u, 12-si və 13-də yola salınacağını söyləyib.