Fransa prezidenti Nikola Sarkozi Liviya müxalifətinin Benqazi şəhərində formalaşdırdığı Milli Keçid Şurasını ölkədə yeganə legitim hakimiyyət kimi rəsmən tanıdığını elan edib.
APA-nın "Franca-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bununla da Fransa Müəmmər Qəddafi rejimi ilə əlaqələrini faktiki olaraq dayandırıb.
Fransa Qəddafi ilə əlaqələrini kəsən ilk Avropa ölkəsidir. Daha əvvəl ABŞ prezidenti Barak Obama polkovnik Qəddafinin legitimliyini itirdiyini bəyan etmişdi. Lakin Obama müxalifətin yaratdığı qurumu hələlik qanuni hakimiyyət kimi tanımayıb.
Tripolidəki Qəddafi hökuməti Milli Keçid Şurasının üzvlərini satqın və casus adlandırır. Qəddafi şuranın rəhbəri, sabiq ədliyyə naziri Əbdülcəlilin başına 500 min dinar (140 min dollara yaxın) pul qoyub.
Bu arada Avropa Birliyi Liviyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Fevralın sonlarında Qəddafi və ailə üzvləri də daxil olmaqla Liviyanın 26 vəzifəli şəxsinin AB ölkələrinə girişi qadağan edilmiş, onların Avropadakı bank hesabları dondurulmuşdu. AB Liviyaya silah-sursat və xüsusi vasitələrin satışını da yasaqlayıb.