Mart ayının 4, cümə günü, ərəb dünyasının bir sıra ölkələrində "Qəzəb günü" elan olunub. Etirazçı xalq kütlələri hakimiyyətlərindən onların sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılması və qəti siyasi dəyişikliklərin edilməsini tələb edir, - "İslamNyus" xəbər verir.
Tripolidə Muammar Qəzzafinin diktator rejiminin əleyhidarları məscidlərə yığılıb, cümə namazı qıldıqdan sonra kütləvi etiraz nümayişlərinə başlayıb. Müsəlman fəalları da nümayişçilərin sıralarında diktator rejiminə qarşı çıxıb. Məscidlərin polislər tərəfindən mühasirəyə alındığı bildirilir.
Yəməndə də "Qəzəb günü" adı altında güclü nümayişlər olacağı gözlənilir. "Demokratik cəbhə" adlı müxalifət xalqın böyük hissəsinin Əli Abdulla Salehin istefasını tələb etdiyini nümayiş etdirmək üçün xalqı meydanlara çağırıb.
İordaniyada "İslam Cəbhəsi" və əksər müxalifət partiyaları öz tərəfdarları ilə birlikdə Əmmanda toplaşacaq. Onlar hakimiyyətin istefaya göndərilməsi və sosial islahatların həyata keçirilməsini tələb edir.