Oxucu sual verir: Niyə Allah yaradılışın lap əvvəlində Həzrət Adəmə (s) birbaşa İslam şəriətini göndərmədi?
Allahın əmrləri (rəftarı) tədricilik metoduna əsaslanır. Allah-təala həmişə zamana, məkana, şəraitə uyğun olaraq öz hikməti əsasında bir hadisəni həyata keçirir. Bu zaman insanların sosial, psixoloji, əxlaqi, elmi hazırlıq səviyyəsi də nəzərə alınır. Məlumdur ki, bəşəriyyət uzun bir təkamül yolu keçmişdir. Bu yolun son mərhələsinə aid olan bir hökmü ilk mərhələdə insanlara yükləmək heç bir fayda verməzdi. (Necə ki, bəşəriyyət bugünkü elmi-texniki tərəqqini min il əvvəl qətiyyən anlaya bilməzdi). Həmçinin, hər dövrün və hər xalqın öz düşüncə tərzi, öz davranış normaları, öz sosial quruluşu vardır. Buna görə də, Allah-təala İslam dininin kökündə duran tövhid və axirət kimi əqidə prinsiplərini, eləcə də, əsas bəşəri əxlaq normalarını bütün peyğəmbərlərə vəhy etmiş və xalqa çatdırmalarını istəmişdi. Lakin şəriət hökmləri hər dövrün şərtlərinə və hər qövmün səviyyəsinə uyğun formada Allah tərəfindən təsbit edilirdi.