Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov tatar icmasının nümayəndələri ilə görüşüb. APA-nın məlumatına görə, görüş Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyində keçirilib.
R. Minnixanov tatar icmasının fəallarına tatar dili, ənənələri və mədəniyyətinin qorunmasında gördükləri işə görə minnətdarlığını bildirib: "Kazan hər zaman bütün tatarların mərkəzi olub və olacaq. Harada yaşamağımızdan asılı olmayaraq biz bir millətik, bunu yadda saxlamaq lazımdır".
Tatarıstan rəhbəri diaspora nümayəndələrinə yaxın günlərdə "Fiat Ducato" mikroavtobusu göndərəcəyini söyləyib. O, tatar gənclərin Tatarıstanda təhsil alması üçün kvotanın müəyyənləşdirilməsi, tatar ailələrindən olan uşaqların tatar dili, mədəniyyəti və ənənələri öyrənməsi məqsədilə Tatarıstanda istirahətini təşkil etməyə yardım edəcəyinə söz verib.
Azərbaycan Tatar İcmasının sədri Elmira İlyazova isə cəmiyyətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Azərbaycanda böyük tatar şairi Qabdulla Tukayın abidəsi qoyulacaq.
Görüşdə Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov, Ümumdünya Tatar Konqresinin icra komitəsinin sədri Rinat Zakirov iştirak ediblər.