Məşhur səhabə Əbuzər Ğifari rəvayət edib ki, bir gün Həzrət Məhəmməd Peyğəmbər (s) məsciddə Əli ibn Əbu Taliblə (ə) birlikdə oturduğu zaman hüzuruna gəldim və xahiş etdim ki, mənə nəsihət versin. Həzrət buyurdu:
“Ey Əbuzər! Sən mənim yanımda hörmət sahibisən və Əhli-beytdənsən. Sənə deyəcəyim bu tövsiyələrə əməl et. Çünki bu tövsiyələr ümumilikdə xeyir-bərəkətə aparan yollardır. Bunlara əməl etməyin sənə kifayətdir.
Allaha elə ibadət et ki, sanki Onü görürsən. Sən Onu görməsən də, O səni görür...
Bil ki, Allah-təala ümmətimin içində Əhli-beytimi Nuhun gəmisi kimi qərarlaşdırıb. Kim bu gəmiyə minsə (yəni Əhli-beytimə bağlansa) nicat tapar. Kim ona arxa çevirsə həlak olar. Allah ümmətim üçün Əhli-beytimi Bəni-Israil qövmü üçün hittə qapısı kimi qərarlaşdırıb. Kim bu qapıdan daxil olsa amanda qalar...
Beş haldan qabaq beş halın qədrini bil: qocalıqdan qabaq cavanlığın, xəstəlikdən qabaq sağlamlığın, kasıblıqdan qabaq varlılığın, məşğulluqdan qabaq bekarlığın və ölümdən qabaq həyatın...
Əməldə bu gün-sabah söhbəti etmə, bu günün işini sabaha saxlama. Sən bu gününü yaşayırsan, sabah hələ sənin deyil. Əgər sabaha çıxsan, onun da bu gün kimi öz əməlləri olacaq. Əgər sabaha çıxmasan, çalış ki, bu gününü də əldən verdiyinə görə peşman olmayasan...”.