"Çap evi" mətbəəsinin direktoru Şahbaz Xuduoğlu Milli Təhlükəsizlik Nazirliyindən onlara dini və siyasi nəşrlərlə bağlı hər hansı xəbərdarlıq edilmədiyini bildirir. "Media forum" saytına açıqlamasında Ş.Xuduoğlu deyib ki, "Çap evi"ndə dini kitablar yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubu olduqda nəşr edilir.
Hər hansı kitabın, yaxud qəzetin nəşrindən imtina edib-etmədiklərinə gəlincə, Ş.Xuduoğlu bildirib ki, fəaliyyət göstərdikləri müddətdə cəmi bir dəfə belə fakt olub: "Həmin qəzetin adını açıqlamaq istəmirəm, manşet yazısı "Öcalan milli liderdir" olduğundan həmin qəzetin nəşrindən ümumiyyətlə imtina etmişəm".
"Adiloğlu" nəşriyyatının təsisçisi və direktoru Hidayət Əsgərov da "Media forum"a bildirib ki, dini və siyasi nəşrlərlə əlaqədar MTN-dən hər hansı xəbərdarlıq almayıblar. H.Əsgərovun fikrincə, belə bir məsələ olsaydı, onda o bu barədə qəzetdən əvvəl onun xəbər tutardı: "İki il qabaq dini kitabların nəşriylə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə aramızda münaqişə yaranmışdı, sonradan həmin məsələ məhkəməyə qədər gedib çıxdı. Düzdür, "Nəşriyyatlar haqqında" qanunda öz əksini tapmasa da, Nazirlər Kabinetinin müvafiq göstərişinə görə, Dövlət Komitəsinin rəsmi icazə məktubu olmadan nəşriyyatlar hər hansı dini kitabı nəşr edə bilməz. Mən bunu senzura hesab edirəm, amma şəraitə uyğun düzgün hərəkət kimi də dəyərləndirirəm".
H.Əsgərov ehtimal edir ki, bu xəbərin yayılmasında daha çox dini ədəbiyyatları nəşr etdirmək istəyən müəlliflər maraqlıdır: "Elə müəlliflər olur ki, nəşr etdirmək istədiyi 5 dini kitabından 4-nün nəşrinə icazə verilir, 1-nin isə yox. Bununla belə bəzən onlar Dövlət Komitəsindən icazəsini ala bilmədikləri həmin 1 kitabı da nəşr etdirmək istəyirlər. Biz də təbii ki, imtina edirik. Məncə, MTN-in dini və siyasi nəşrlərlə bağlı mətbəələrə xəbərdarlıq etməsi xəbərini də mətbuatda o cür müəlliflər yayırlar".
Məsələ ilə bağlı "Media forum" saytı MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinə də müraciət edib. Mərkəzin rəhbəri Arif Babayev deyib: "MTN-in vəzifəsi Azərbaycanın milli təhlükəsizliyini, dövlət təhlükəsizliyini qorumaqdan ibarətdir. Bizim "Gün səhər"də gedən həmin xəbərdəki kimi boş-boş fərziyyələrlə məşğul olmağa vaxtımız və həvəsimiz yoxdur".
Qeyd edək ki, "Gün səhər" qəzetinin bugünkü sayında "MTN siyasi senzuraya başlayır" başlıqlı yazı dərc olunub. Yazıda bildirilir ki, radikal dini qruplaşmaların fəallaşması təhlükəsi hakimiyyətdə fövqəladə narahatlıq yaradıb. Bu səbəbdən xüsusi xidmət orqanları cəmiyyətdə baş verən bütün prosesləri nəzarət altına almaq fikrindədir. Qəzetə məlumat verən mənbənin dediyinə görə, son günlər MTN bu sahədə fəallıq nümayiş etdirir və qurum Bakıda fəaliyyət göstərən mətbəələrə qəribə tapşırıqla müraciət edib: "Mətbəələrdən tələb olunur ki, dini və siyasi (?) mövzuda hər hansı kitabın nəşri üçün onlara müraciət edilsə, onlar MTN-ə bu barədə məlumat versinlər".