Oxucu sual verir: Quranda bütün sözlər Allahın Peyğəmbərə vəhy etdiyi şəkildə verilir yoxsa Peyğəmbər həmin vəhyi öz sözləri ilə ifadə edib səhabələrə yazdırıb?
Qurani-kərim Allah tərəfindən Həzrət Mühəmməd Peyğəmbərə (s) vəhy mələyi Cəbrail vasitəsilə göndərilmiş ayələri əhatə edir. Bu ayələr cənab Cəbrailin eynilə buyurduğu şəkildədir, onlara nə bir söz əlavə edilmiş, nə də bir söz əskilmişdir. Peyğəmbərin vəzifələrindən biri də Allahın vəhyini olduğu şəkildə, dəyişdirmədən insanlara ötürməkdir. “Əmin” ləqəbli Peyğəmbər vəhyə münasibətdə də əmanətdar idi.
Allahın Peyğəmbərə bəzi vəhyləri də vardır ki, bunlar Qurana daxil olmamışdır, çünki onları Allah Qurana daxil edilmək üçün göndərməmişdir. Bu vəhylər hal-hazırda hədisi-qüdsi kimi tanınır (müqəddəs hədis). Hədisi-qüdsinin mənası-məfhumu Allaha aiddir, amma Peyğəmbər onu olduğu kimi çatdırmamış, sərbəst surətdə ifadə etmişdir. Hədisi-qüdsilərin heç biri Qurana daxil edilməyib.
Bəzi şərqşünaslar, təəssüf ki, Quranı da Peyğəmbərin öz kəlamı hesab etmişlər. Hətta L.N.Tolstoy Həzrət Peyğəmbərin hədislərini “Mühəmmədin Qurana düşməyən kəlamları” adı altında kitabçaya daxil etmişdi. Bi fikir yanlışdır.