Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun apellyasiya şikayətinə baxılıb. Vəkil Anar Qasımovun Turana verdiyi məlumata görə, Şikayət Nəsimi rayon məhkəməsi tərəfindən AİP sədri barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz etməkdən imtina edilməsi barəsindədir.
Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Onun maddələrinin ağır olmasını əsas gətirərək, həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyib. İstintaq barədə məlumat verən vəkil gedişatdan asılı olaraq istintaqın uzadılacağını bildirib.
Onun sözlərinə görə, hazırda AİP sədr barəsində ekspertizalar təyin olunub. Bu ekspertizalar içərisində onun çıxışı ilə bağlı linqvistik ekspertiza da var.
Həmçinin vəkil bildirib ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Səmədovun ailəsi ilə görüşə icazə verilmir.
Səmədov yanvarın 7-də polisə müqavimət göstərmək ittihamı ilə inzibati qaydada həbs olunub. Sonradan ona qarşı hakimiyyəti zorla ələ keçirmə, qanunsuz olaraq odlu silah saxlama, mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamları irəli sürülüb.
Elə həmin ittihamla İslam Partiyasının sədr müavini Vaqif Abdullayev və bir sıra partiya fəalları həbs olunublar.
İslam Partiyasında hesab edirlər ki, partiya liderləri və fəalları siyasi fəaliyyətlərinə görə saxta ittihamla həbs olunublar. (Turan)