Oxucu sual verir: Bir nəfər həyətdən oxuya bilmədiyi hərflərlə yazılmış kağız tapıb. Bunun dua yoxsa cadu olduğunu bilmir. Nə etsin?
Aydın məsələdir ki, əgər insan özü hər hansı dindar şəxsdən onun üçün dua yazmasını xahiş etməmişsə, deməli, bu kağız dua olsa belə, ona aid deyil. Oxuya bilmədiyi əlifba ilə yazılmış kağız tapan adam əlbəttə ki, ilk növbədə bunu məlumatlı bir şəxsə göstərsə yaxşı olar. Əgər dua Quran ayələrindən, müqəddəs şəxslərin adlarından ibarətdirsə, böyük ehtimalla xoş niyyətlə yazılmış duadır. Bu duanı məhv etmək istəyirsə, onu torpağa basdırmalıdır. Torpağın altında dua özü təbii surətdə çürüyüb gedəcək. Duanı zibilliyə atmaq, yandırmaq olmaz. Əgər tapılan yazı dua deyilsə və içində müqəddəs adlar yoxdursa, hər hansı anlaşılmaz hərf və cizgilərdən ibarətdirsə, onu istədiyi şəkildə məhv edə bilər.