Oxucu sual verir: Əhli-kitab kimlərə deyilir?
Əhli-kitab, yəni kitab əhli dini termin olaraq, səmavi dinlərin ardıcıllarına deyilir. Səmavi dinlərin müqəddəs kitabı olduğu üçün və bu dinlərin ardıcılları həmin müqəddəs kitablara əməl etdikləri üçün onları əhli-kitab adlandırırlar. Dini ədəbiyyatda əhli-kitab həm də “zimmi”, yəni “öhdədə, himayədə olan” adlandırılır. İslam baxımından, müsəlman dövlətində yaşayan xristianlar və yəhudilər əhli-kitab sayılırlar. Bəzi alimlər atəşpərəstləri də Zərdüşt Peyğəmbərin ümməti hesab edib, əhli-kitabdan saymışlar.
İslam qanunlarına görə müsəlman dövlətində yaşayan əhli-kitabın öz dinini, dilıni, adət-ənənəsini, geyim tərzini qoruyub-saxlamaq hüququ vardır. Əhli-kitaba tam tolerant münasibət bəslənilir. Onların canı, əmlakı, namusu və heysiyyəti qorunur. Amma onlar İslam dininə hörmətsizlik etməməli və yaşadıqları müsəlman dövlətınin mənafeyinə zidd olan fəaliyyət göstərməməlidirlər. Əhli-kitab İslam dövlətinə “cizyə” adlı vergi ödəyir. Əvəzində isə müharibə zamanı müsəlman qoşunu onları düşməndən qoruyur.