Ərəb ölkələrində inqilabların davam etdiyi bir vaxtda Küveyt əmiri sakit dayandıqlarına görə ölkə vətəndaşlarını səxavətlə mükafatlandırıb. Qeyd edək ki, Küveytin 360 min işləyən vətəndaşının 80%-i dövlət sektorunda çalışır. Burada əmək haqları 4-5 min dollar, gəlir vergisinin dərəcəsi isə sıfırdır. İndi isə bu maaşları daha da artırmaq qərara alınıb.
Əmirin qərarı ilə ölkədəki bütün polis, hərbçilər və yanğınsöndürənlərin maaşları 70-115% artırılıb. Hər il büdcəyə əlavə 700 mln. dollara başa gələcək bu qərarı parlament artıq təsdiqləyib. Yaxın vaxtlarda isə qalan bütün dövlət qulluqçularının maaşları iikqat artırılacaq. Bu isə büdcəyə ildə 3,5 mlrd. dollara başa gələcək. Bu azmış kimi, baş nazirin iqtisadi məsələlər üzrə müavini ölkə əhalisini bütün kommunal xidmət haqlardan – su, işıq və telefon pulundan azad etməyi təklif edib.
Küveyt Neft Korporasiyası (Kuwait Petroleum Corporation) də öz işçilərinin maaşlarını artırıb. Ölkədə pensiya və sosial müavinətlər də artılıb. Parlamentin qərarı ilə subay tələbələrin təqaüdü 700 dollara, evlilərin isə 1200 dollara qaldırılıb. Aylıq pensiyaların məbləği isə 700 dollar artırılacaq.
Əhaliyə ən səxavətli hədiyyəni əmirin özü - əs-Səbah edib. Hakimiyyətdə olmasının 5 illiyi münasibətilə o ölkənin bütün vətəndaşlarına "Amiri Grant" adlanan qrant verib. Bu qrant birdəfəlik ödənilən 1000 Küveyt dinarından (3500 dollar) və 14 ay ərzində – 2011-ci ilin fevralın 2012-ci ilin martın sonunadək - pulsuz yemək almaq hüququndan ibarətdir.
Fevral ayı ərzində əmirin qrantını 1150 min küveytli alacaq ki, bu da büdcənin əlavə 4 mlrd. dollar xərcə düşməsi deməkdir. Artıq bütün ölkə ərazisində yaradılmış 69 məntəqədə pulsuz yeməklərin verilməsinə başlanıb. Pulsuz yemək büdcəyə 1 mlrd. dollara başa gələcək.
Bundan başqa, son bir ay ərzində hökumət əhaliyə 10 mlrd. dollar – adambaşına 10 min dollar pul paylayıb. Qeyd edək ki, son 10 il ərzində Küveytin büdcə profisiti 140 mlrd. dollar təşkil edib. Dünya neft ehtiyatlarının 9%-nə malik olan ölkədə yerli vətəndaşlar bütün "qara işləri" miqrantlara gördürürlər.
Ölkədə inflyasiyanı saxlamaq üçün ticarət nazirliyi hər il kütləvi istehlak mallarının "tövsiyə olunan" preyskurantını buraxır. Bu qaydaları pozanlar sərt cəzalandırılır. Bundan başqa, hökumətin verdiyi pulsuz yeməyi miqrantlara satanlar da ciddi cəzaya məruz qalır.
Amma nə qədər qəribə olsa da məhz hökumətin bu tədbirləri ölkədə etirazlara səbəb olub. Məsələ bundadır ki, yuxarıda sadalanan tədbirlərin hamısı ölkə vətəndaşlarına - rəsmi vətəndaşlığı olanlara aiddir – Küveytdə isə vətəndaşlığı olmayanlar da var – bunlar köçəri həyat sürən bədəvilərdir. Onlar vətəndaşlıqları olmadıqlarına görə, pulsuz tibbi xidmətdən, eləcə də dövlət sektorunda işləmək imkanından məhrumdurlar.
Vətəndaşlara əla şəraitin yaradıldığını görən bədəvilər onlara da vətəndaşlıq verilməsi tələbi ilə ötən həftə etirazlara başlayıblar. Polis bu aksiyaları gözyaşardıcı qazla dağıdıb, parlamentin rəhbəri Cəssim əl-Xərafi isə aksiya iştirakçılarını etirazları dayandırmağa çağırıb. Spiker vəd edib ki, əmir bədəvilərin tələblərinə baxacaq.