Liviyada fevralın 16-sı və 17-də keçirilən etiraz aksiyalarının yatırılması zamanı 24 nəfərdən çox adam həlak olub. "Media forum" saytı xəbər verir ki, fevralın 18-də beynəlxalq insan hüquqları təşkilatı "Human Rights Watch" belə hesabat yayıb.
Təşkilatın yaydığı məlumata görə, fevralın 17-də Liviya hakimiyyəti paytaxt Tripolidə dövlət başçısı Müəmmər Qəzzafiyə qarşı kütləvi aksiyanın keçirilməsinə imkan verməyib və bir sıra müxalifət nümayəndələri həbs olunub. Benqazi şəhərində isə Qəzzafinin tərəfdarları ilə müxalifətçilər arasında qarşıdurmaların baş verdiyi bildirilir.
Fevralın 18-i səhər saatlarında paytaxta hərbi texnika yeridilməsi, Liviyanın bir sıra şəhərlərində isə nümayişlərin keçirilməsi də gələn xəbərlər arasındadır.
Afrika qitəsində yerləşən Liviyanın (Böyük Sosialist Xalq Liviya Ərəb Cəmahiriyyəsi) ərazisi 1,8 milyon kvadrat kilometr, əhalisi 6,5 milyon nəfərdir. Dövlət başçısı Müəmmər Qəzzafi hakimiyyətə 1969-cu ildə hərbi çevrilişlə gəlib.