Türkiyə prezidenti Abdulla Gülün İrana rəsmi səfəri davam edir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, A. Gülün başçılıq etdiyi nümayəndə heyəti bu gün Təbriz şəhərinə gedib. Qonaqları Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beygi və digər rəsmi şəxslər qarşılayıb.
A. Gül Şərqi Azərbaycan vilayətinin Türkiyə ilə tarixi bağlılığından danışıb. O bildirib ki, İstanbulda "Təbriz qapısı", Təbrizdə isə "İstanbul qapısı"nın olması buna əyani sübutdur.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Təbrizin tarixi yerlərini, Göy məscidi, Təbriz bazarını gəzəcək və Şəhriyarın məzarını ziyarət edəcək.