Həmin ölkələrdəki səfirliklərin əməkdaşlarına evlərini tərk etməmək tövsiyə olunub
İsrailin bir sıra ölkələrdəki səfirlikləri terror təhlükəsi ehtimalı ilə bağlı məlumat əldə edib, bu səbəbdən İsrail Xarici İşlər Nazirliyi fəaliyyəti təhlükə altında olan səfirliklərin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq imkanlarını nəzərdən keçirir. APA-nın "Haaretz"ə istinadən yaydığı məlumata görə, bu barədə İsrail XİN rəsmi açıqlama yayıb. Açıqlamada həmçinin bildirilir ki, terror aktı təhlükəsi ilə əlaqədar səfirliklərin təhlükəsizlik xidməti əməkdaşları bütün zəruri ehtiyat tədbirləri görür, İsrailli diplomatlara isə evlərindən çıxmamaq barədə təlimat verilib.
Xatırladaq ki, fevralın 11-də İsrail terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına mümkün terror aktları ilə əlaqədar doqquz ölkəyə səfər etməməyi məsləhət görüb. Bu ölkələrin siyahısında Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fil Dişi Sahili, Mali və Mavritaniya da var. İsrail kütləvi informasiya vasitələri xəbərdarlığın "Hizbullah" liderlərindən İmad Muqniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədar olduğunu bildirir.