Misir sakini Əlau'd-din Səid sırf məscidlərdə vəz və xütbələri lal-karlar üçün sinxron tərcümə etmək və onların islam cəmiyyətinin tamhüquqlu üzvləri olmalarına kömək etmək məqsədilə jestlər dilini öyrənib. "Mən lal-kar dilini öyrəndim ki, diskriminasiyaya son qoyum" - deyə Əlau'd-din Səid bildirir.
Hər cümə günü o Zeynəb məscidində (bəzi faktlara görə, burada Muhəmməd Peyğəmbərin nəvəsi dəfn olunub) minbərin qarşısında dayanır və xütbəni lal-kar dilinə tərcümə edir. Sonra yüzlərlə kar müsəlman Səidin işarələrini izləyərək namaz qılırlar. Onun sayəsində onlar başqa müsəlmanlarla birlikdə dua edə bilirlər.
Minlərlə məscidin olduğu Qahirədə yalnız bir könüllü tapılıb ki, Quran biliklərini kar insanlara çatdırmağa hazır olsun (iki könüllü də əyalətlərdə vardır). Bütün ölkədə olan lal-karların sayı isə hesablamalara görə, iki ilə dörd milyon arasındadır. Amma vəziyyət artıq dəyişir. Artıq bir çox adamlar Səiddən örnək alaraq bu işə girişməyə hazırlaşırlar.