Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ədəbi-fikir tariximizdə ilk dəfə olaraq "Azərbaycan İslam Ensiklopediyası" hazırlanır. Bu barədə APA-ya institutun mətbuat xidmətinin rəhbəri Vüqar Məmmədov məlumat verib. O bildirib ki, institutun "Din və ictimai fikir tarixi" şöbəsinin hazırladığı bu ensiklopediya üçün materialların böyük hissəsi artıq toplanıb.
Ensiklopediyada İslamla bağlı əsas anlayışlar, başlıca İslam prinsipləri, fikir cərəyanları, eləcə də İslamın Azərbaycana gəlişi, yayılma tarixi yer alacaq. İslam ensiklopediyasında Azərbaycanda yaşayıb-yaratmış görkəmli müsəlman mütəfəkkir alimləri, həmçinin şeyxülislam, filosof və ilahiyyatçılar haqqında məlumat veriləcək. Nəşrdə oxucuları maraqlandıran Azərbaycanın məscidləri, pirləri, ziyarətgahları haqqında da məlumatlar toplanacaq. "Azərbaycan İslam Ensiklopediyası" üzərində işlərin 2009-cu ildə başa çatdırılması nəzərdə tutulub.