Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) fevralın 20-dən 24-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində keçiriləcək "İDEX-2011" beynəlxalq müdafiə sərgisində iştirak edəcək
Bu barədə APA-ya "İDEX-2011" sərgisinin təşkilat komitəsindən məlumat verilib.
Azərbaycan müəssisələrində istehsal olunmuş silah, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar MSN-in C12-05 saylı stendində nümayiş etdiriləcək.
İDEX-in saytında yerləşdirilmiş məlumata görə, Azərbaycan sərgidə aviasiya dəstək sistemləri, məlumat ötürücüləri, yerüstü sistemlər, nəqliyyat vasitələrinə qarşı silahlar, nəqliyyat vasitələri, mina üzə çıxaran və zərərsizləşdirən avadanlıqlar, yerüstü radar sistemləri, döyüş sursatı və partlayıcı maddələr, artilleriya üçün döyüş sursatları, minaatanlar və atıcı silahlar nümayiş etdirəcək.
İki ildən bir keçirilən "İDEX" Yaxın Şərqdə ən böyük müdafiə sərgisidir. Bu il "İDEX"-lə bir yerdə "NAVDEX-2011" adlı hərbi dəniz sərgisi də təşkil olunacaq. "İDEX"-də dünyanın müxtəlif ölkələrindən 900-dən artıq şirkətin öz məhsullarını nümayiş etdirəcəyi gözlənilir. Abu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) təşkil olunacaq sərgidə müdafiə və təhlükəsizlik sahəsində ən yeni texnologiyalar nümayiş olunacaq.
"İDEX-2011" sərgisinə Azərbaycanın müxtəlif hərbi qurumlarının rəhbərləri də dəvət olunub.