Qıtlığın hökm sürdüyü və hər kəsin əziyyət və nigarançılıq içərisində çıxış yolu axtardığı bir il məşhur sufilərdən Şəqiq əl-Bəlxi varlı bir adamın köləsinin sevinclə oynadığını görür. Məsələnin məğzini öyrənmək üçün ondan soruşur: “İnsanlar qıtlıq və aclıq səbəbilə ah-nalə qopardır, bəs sən nəyə arxalanaraq belə oynayırsan?”
Kölə cavab verir: “Mənim ağamın yeddi kəndi var, ehtiyacımız olan hər şeyi o kənddən bol-bol gətirir.”
Bu cavabı eşidən Şəqiq Bəlxi üzünü qıtlıqdan əziyyət çəkən tələbələrinə çevirərək belə buyurur: “Özünüzə gəlin! Bir kölə öz ağasının yeddi kəndinə arxayın olub özünü əmin-amanlıqda hiss edir. Halbuki biz dünyadakı bütün kəndlərin, şəhərlərin sahibi olan və hər bir canlının ruzisini verəcəyini bildirən Allah-təalaya təvəkkül etdiyimizi deyir, ancaq eyni zamanda da ruzimiz üçün narahat oluruq”.