Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistan xüsusi xidmət orqanlarının yaxın və uzaq perspektiv planlarında Azərbaycan vətəndaşları arasında dini ayrı-seçkilik, dözümsüzlük, ekstremizm toxumları səpmək, həmçinin missioner təşkilatların rolunun artırılmasını dəstəkləməklə, müsəlman dini-etnik ideyası ilə mübarizə aparmaq, İslamı ləkələyən fikirlər yaymaq, missioner təşkilatlarının fəaliyyətinin gücləndirilməsi nəticəsində Azərbaycanı dini zəmində əməliyyat meydanına çevirmək məqsədi güdülür.
Erməni terror siyasətinin əsas dini dayaqlarından sayılan Ermənistandakı Eçmiədzin, Livandakı Antilyas və Qüds kilsələri müxtəlif ölkələrdə yaşayan erməni əhalisinin və onların yaratdıqları "Daşnaksutyun", "Hnçaq", "Ramqavar" kimi bir sıra digər siyasi-terror təşkilatları və qruplaşmalarının fəaliyyətlərini koordinasiya edir. İnformasiya İdarəsindən bildirilib ki, əksəriyyətinin fəaliyyəti bu və ya digər səbəblərdən hətta bir sıra Avropa ölkəsində qadağan olunmuş "Həyatverici Lütf Ümumdünya Kilsəsi", "Yəhva şahidləri", "Gideon qardaşlığı", "Yeni apostol kilsəsi", "Ümid səsi", "Yeddinci Günün Adventistləri", "World Wision", Bakı Bibliya İnstitutu, "İxtus" kilsəsi, Nehemiya Xeyriyyə Cəmiyyəti kimi təşkilatların erməni kilsələri ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.
Erməni terrorçularının Azərbaycana qarşı informasiya-təxribat fəaliyyəti ölkədə dini zəmində süni qarşıdurmanın yaradılması, sistematik olaraq təxribat xarakterli mövzuların gündəmə gətirilməsi, həmçinin bəzi Qərb dövlətləri tərəfindən dəstəklənən milli-mənəvi dəyərlərimizi daxildən parçalamaq cəhdlərinin erməni kilsələrinin həyata keçirməsi istiqamətində addımların atılması, təriqətçi qüvvələrin ölkədəki dünyəvi quruluşa qarşı çıxmaları üçün fəaliyyətlərin aparılmasından ibarətdir:
"Bəzi mətbu orqanlarda Azərbaycan Silahlı Qüvvələri sıralarına təriqətçilərin yol tapmasına dair yayılmış qərəzli və heç bir əsası olmayan iddialara missioner təşkilatların satın aldığı bəzi yerli "ekspertlərin" də düşmən dəyirmanına su tökərək bu məsələyə təkan verməsi, ayrı-ayrı faktların manipulyasiya edilərək təhrif edilməsi beynəlxalq səviyyədə ölkəmizin imicinə zərbə vurmaq məqsədi ilə atılmış addımlardır".