Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniya parlamentinin yuxarı palatasının (Senat) sədri Tahir Masri ilə görüş keçirib.
Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, parlament sədrlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən parlamentlərarası dostluq qrupunun yaradılması məsələləri müzakirə olunub.
T. Masri 2008-ci ildə Senat sədrinin birinci müavini olarkən Azərbaycan parlamentinin 90 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimə qatılan İordaniya parlamenti nümayəndə heyətinə başçılıq etdiyini, Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edildiyini xoş sözlərlə xatırlayıb. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini birmənalı olaraq vurğulayıb.
Söhbət əsnasında son vaxtlar Tunis və Misirdə cərəyan edən hadisələr, habelə İordaniyada hazırkı ictimai-siyasi vəziyyət haqqında da fikir mübadiləsi aparılıb.