Oxucu sual verir: “Tövhidi-Müfəzzəl” kitabı nədən bəhs edir və müəllifi kimdir?
“Tövhidi-Müfəzzəl” İmam Cəfər Sadiqə (ə) aid edilən bir kitabdır. Bu kitabın mətnini İmam öz səhabəsi Müfəzzəl ibn Ömər Cüfiyə diktə edib. Müfəzzəl bir gün Mədinə məscidində İbn Əbil-Övca adlı dəhri (materialist) bir alimlə Allahın varlığı barədə mübahisə edir, amma ona qalib gələ bilmir. İmam hadisəni eşidəndə Müfəzzəli yanına çağırıb, 4 gün ərzində ona Allahın varlığı və təbiətdəki nişanələri barədə danışır. Birinci gün İmam Allahın varlığı və sifətləri barədə məlumat verir, Onun varlığını dananlara qarşı tutarlı sübutlar irəli sürür. İkinci gün heyvanat aləminin və insanların fiziki quruluşundakı qanunauyğunluqlar barədə danışır və bütün bunların özbaşına meydana gəlməsinin qeyri-mümkünlüyünü vurğulayır. Üçüncü gün kainatın, göy cisimlərinin və təbiət hadisələrinin mahiyyətini, bunların baş verməsindəki hikməti açıqlayır. Nəhayət, dördüncü gün xəstəlik, ölum kimi halları izah edir, insanların başına gələn müxtəlif bəla və müsibətlərin daxili mənasını bəyan edir. Müfəzzəl İmam Cəfər Sadiqin (ə) diqtəsi ilə kitabı yazıb qurtardıqdan sonra yazılanları yadda saxlaması üçün İmam ona dua edir. Müfəzzəl bir anlıq huşunu itirir, ayılandan sonra bütün kitabın mətnini əzbər bildiyini hiss edir. Sonra Müfəzzəl yenidən İbn Əbül-Övca ilə elmi mübahisə aparır və bu dəfə həmin kitabdan gətirdiyi sübutlarla qarşı tərəfi tam məğlubiyyətə uğradır.