Yəmənin paytaxtı Sanada Misir səfirliyi qarşısında müxalifətin aksiyası keçirilib. CNN telekanalının "Yemen Post" qəzetinin baş redaktoru Hakim Almasmariyə istinadən yaydığı məlumata görə, müxalifətçilərlə polis əməkdaşları və Yəmən prezidenti Əli Abdullah Salehin tərəfdarları arasında toqquşma baş verib.
Misir səfirliyi qarşısında təxminən 100 nəfər müxalifətçi Misirdəki kütləvi aksiyalara dəstək veriblər, eləcə də, Yəmən prezidentinin istefasını tələb ediblər. Aksiya iştirakçılarından biri saxlanılıb.
Öz növbələrində Yəmən hakimiyyətinin tərəfdarları da aksiya keçiriblər. Onlar "Biz canımızı və qanımızı sənin yolunda verməyə hazırıq, Əli",-deyə şüarlar səsləndiriblər.
Xatırladaq ki, yanvarın 27-də Yəmənin paytaxtı Sanada 1978-ci ildən ölkəyə rəhbərlik edən Əli Abdullah Salehin istefası tələbi ilə aksiyalar keçirilib. Saleh sonuncu dəfə 2006-cı ildə yeddi il müddətinə dövlət başçısı seçilib. O, səslərin 77,17 faizini, əsas rəqibi - birləşmiş müxalifətin namizədi Feysan bin Şamlan isə 21,82 faihini toplayıb.
ANS