Məşhur sufi Əbu Səid Əbül-Xeyrin müridlərindən biri hələ irfanda kamillik dərəcəsinə çatmamışdı, amma özünü bu məqamın sahibi sayırdı. Bir gün Əbu Səid öz müridinə həqiqəti başa salmaq qərarına gəlir.
Onu çağırıb tapşırır ki, bazara getsin və qəssab dükanlarında kəsilən heyvanların içalatını alıb xanəgaha gətirsin. Mürid bazara yollanır, xeyli içalat alıb zənbilə doldurur, axırda zənbili çiyninə qaldırıb xanəgaha sarı yola düşür. Içalatın qanı və suyu zənbildən süzülüb onun üst-başını bulayır. Pal-paltarından üfunət iyi gələn mürid çox narahat olur. Yolboyu ona elə gəlir ki, hamı ona baxır. Mürid xəcalət içində xanəgaha çatır. Əbu Səid onun niyə qanıqara olduğunu soruşanda mürid murdar içalatı bütün şəhər boyunca çiynində daşıdığını söyləyir, camaatın onu görməsindən utandığını deyir. Əbu Səid Əbül-Xeyr müridə tapşırır ki, bazara qayıtsın və rastına çıxan hər kəsdən soruşsun ki, bayaq çiynində qoyun içalatı daşıyan adamı görübmü? Mürid ustadının sözünə əməl edib, gəldiyi yolla bazara qayıdır. Yolda rastına çıxan hər kəsdən bayaq içalat daşıyan və üst-başı üfunət iyi verən adamı görüb-görmədiyini soruşur. Hamı belə bir adamı görmədiyini söyləyir.
Məlum olur ki, hətta yolda onunla qarşılaşmış şəxslərin də başı özünə qarışdığından, onu xatırlamırlar. Mürid geri dönüb vəziyyəti Əbu Səidə xəbər verir. Ustad onu dinləyib söyləyir: “Görürsən, sənin özündən savayı səni görən olmayıb. Deməli, sənə rişxənd gözü ilə baxan yalnız özün imişsən. Get, səni təkəbbürə sürükləyən nəfsini öldür ki, bir daha belə işlər üçün onun qarşısında xəcalət çəkməyəsən”.