Oxucu sual verir: İmam Həsən Əsgəriyə (ə) niyə “Əsgəri” ləqəbini vermişlər?
Abbasi xəlifələri imamları daim nəzarət altında saxlamaq üçün onları xilafətin paytaxtına gətizdirirdilər. Bunu hər nə qədər Əhli-beytə hörmət kimi qələmə versələr də, əslində bu tədbirlər sürgün saylırdı. İmam Musa Kazım (ə) Bağdada, İmam Rza (ə) Xorasana sürgün edilmişdilər. Abbasi xəlifəsi Mütəvəkkil onuncu imam Əli Nəqini (ə) Samirəyə gətizdirdi. O zamanlar Samirə şəhəri xilafətin paytaxtı idi və burada çoxlu hərbi qarnizon yerləşirdi. İmamı əsgər düşərgəsində məskun etdilər ki, xüsusi nəzarət altında qalsın. On birinci İmam Həsən Əsgəri (ə) də ömrünün çox hissəsini Samirədə hərbi qarnizon yerləşən məhəllədə yaşamışdır. Buna görə ona həmin məhəllənin adı ilə “Əsgəri” ləqəbini vermişlər. İmam Həsən Əsgərinin (ə) və atası İmam Əli Nəqinin (ə) məzarları da Samirə şəhərində yerləşir.