Oxucu sual verir: Bəzi dini mətnlərdə keçən “şeyxeyn”, yəni “iki şeyx” ifadəsində kimlər nəzərdə tutulur?
“Şeyxeyn” dini terminologiyada fərqli məanalarda işlədilir. Tarix, hədis, fiqh elmləri baxımından bu ifadə fərqli şəxslərə şamil edilir. Məsələn, tarixi baxımdan şeyxeyn deyərkən çox zaman ilk iki xəlifə Əbubəkrlə Ömər nəzərdə tutulur. Elə İslamın ilk dövrlərindən etibarən bu ifadə həmin mənada işlənmişdir. Hədis elmində şeyxeyn - əhli-sünnənin altı ən mötəbər hədis məcmuəsindən ilk ikisinin müəllifləri olan Buxari və Müslimdir. Hətta hədis terminologiyasında “şeyxeynin şərtləri” adlı geniş yayılmış bir anlayış da var. Fiqhdə isə bəzi şiə mənbələrində bu söz Şeyx Müfidlə Şeyx Tusiyə, bəzi sünni kitablarında isə Əbu Hənifə ilə şagirdi Əbu Yusifə aid edilir.