XIII əsrin görkəmli müsəlman mütəfəkkiri, şair və sufi Cəlaləddin Ruminin həyatı haqqında bədii film ekranlaşdırılacaq. 25 milyonluq büdcəsi olan film İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin kinematoqrafları tərəfindən çəkiləcək. Birgə layihənin həyata keçirilməsinə qərar Romada, hələ illik beynəlxalq kinofestival zamanı verilmişdi.
Çoxlarının sevimlisi olan, Avropa və ABŞ-da yaxşı tanınan sufi şairinin həyatına həsr olunmuş filmin çəkilməsi təklifi son bir neçə ildə çox səslənmişdi.
Üstündən 800 ildən çox keçməsinə baxmayaraq, Ruminin farsca yazılmış poeziyası bu gün bütün dünyada məşhurdur.
Bu dəfə iki şirkət – italyan "İstar Prodakşn" və ərəb "Di-Seven Moşn Pikçərz" şirkətləri filmin çəkilişləri ilə bağlı razılıq əldə etməyə nail oldular. Xatırladaq ki, "Di-Seven Moşn Pikçərz" şirkətinə Ərəb Əmirliklərində ilk qadın recissor və prodüsser olan Nailə əl-Xacə rəhbərlik edir.
Filmi məşhur hind recissoru Müzəffər Əli çəkəcəkdir ki, "İstar" şirkətinin təmsilçisinin dediyinə görə, recissor kimi məhz onun seçilməsini şərtləndirən əsas amil onun vətəni ilə əlaqədardır. O, Ruminin xatirələrinin hələ də canlı olduğu ölkədəndir. Bu il Roma kinofestivalının münsiflər heyətinin hind kinosuna göstərdiyi maraq da recissor seçimində az rol oynamamışdır.
Layihə görkəmli şairin 800 illiyi ərəfəsinə salınmışdır. Bu tarixə görə, bu il YUNESKO tərəfindən Rumi ili adlandırılmışdır. Bu beynəlxalq təşkilat tərəfindən bəyənilən və dəstəklənən filmin çəkilişlərinin Türkiyədə aparılması planlaşdırılır.
"İslam müxtəlif şayiələr və anlaşılmazlıqlarla əhatə olunduğu bir vaxtda Rumi elə bir dünyanın qapılarını aça bilər ki, orada İslam yalnız məhəbbətdən ibarətdir və nifrətə yer yoxdur" - deyə çəkilişlərə hazırlıqla əlaqədar italyan şirkətinin nümayəndəsi İqor Uboldi bildirmişdir.